CƏMİYYƏT
Jurnalistlərimizin mina təxribatı nəticəsində həlak olması faktı erməni faşizminin azad sözə, mediaya qarşı terrorudur
Bakı, 6 iyun, AZƏRTAC
Beynəlxalq təşkilatlar, dünya birliyi Ermənistanın mina terrorunun qarşısını almaq üçün qəti addımlar atmalıdır. Jurnalistlərimizin mina təxribatı nəticəsində həlak olması faktı erməni faşizminin azad sözə, mediaya qarşı terrorudur. Bu, tarixin bütün dövrlərində terror siyasəti həyata keçirən erməni faşizminin bu gün də öz mənfur əməlindən əl çəkmədiyini göstərir. Azərbaycan Dövlət Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. İyunun 4-də jurnalistlərimizlə bağlı baş verən bu olay Ermənistanın mina terrorunun həm də azad sözü, medianı hədəf aldığını göstərir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının mətbuat katibi, jurnalist Seymur Əliyev bildirib. O qeyd edib ki, beynəlxalq birlik Ermənistanın mina terrorunun qarşısını almaq üçün real addımlar atmalıdır. S.Əliyev erməni terrorçularının tarixən diplomatlarımızla yanaşı, həm də jurnalistlərimizi hədəf aldıqlarını, onlara qarşı xüsusi amansızlıq sərgilədiklərini vurğulayıb. Məhz Azərbaycanın media nümayəndələrinin mütəmadi şəkildə erməni faşizminin iç üzünü açıb, erməni terrorunu beynəlxalq miqyasda ifşa etdiklərini bəyan edən Seymur Əliyev Çingiz Mustafayev, Salatın Əsgərova və digər jurnalistlərimizi qətlə yetirən erməni faşizminin bu gün də öz mənfur əməllərindən əl çəkmədiklərini bildirib: “Ermənistanın mina terroru nəticəsində jurnalistlərimizin qətlə yetirilməsi, sadəcə, Azərbaycana deyil, söz azadlığına, jurnalistika peşəsinə, beynəlxalq hüquq və konvensiyalara, humanist dəyərlərə qarşı cinayətdir və mahiyyət etibarilə bütün bəşəriyyətə qarşı yönəlib. Odur ki, Ermənistanın bu cinayətlərə görə cəzalandırılmasında bütün bəşəriyyət – beynəlxalq təşkilatlar, aparıcı dövlətlər maraqlı olmalı, bu yöndə əməli addımlar atmalıdır. Beynəlxalq təşkilatların Ermənistanın mina terroru qarşısında susqunluq sərgiləməsi, bu qanlı aksiyaları görməzdən gəlməsi məntiq etibarilə həmin cinayətlərə haqq qazandırmaq, bu cinayətlərə ortaq olmaq demək olacaq”.