REGİONLAR
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ŞƏKİDƏ ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə avqustun 16-da Şəkidə Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 2007-ci il 25 iyun tarixli qərarından irəli gələn məsələlərə həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir.
Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən müşavirədə Şəki şəhər, Balakən, Zaqatala, Qax və Oğuz rayon icra hakimiyyəti aparatlarının aqrar məsələlər şöbələrinin rəhbərləri, Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə əlaqədar yaradılmış rayon komissiyalarının üzvləri, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri, fermerlər iştirak etmişlər.
Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov açaraq toxumçuluq və tinglik təsərrüfatlarına subsidiyaların ödənilməsini dövlətin aqrar sektora olan diqqət və qayğısının daha bir nümunəsi kimi qiymətləndirmiş, seminarın işinə uğurlar arzulamışdır.
Müşavirədə Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə əlaqədar görüləcək işlər barədə geniş məruzə edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatları Prezident İlham Əliyevin uğurla davam etdirildiyini bildirmiş, son dövrlər dövlətimizin başçısı tərəfindən imzalanmış fərman və sərəncamların aqrar sahənin inkişafına böyük təkan verdiyini qeyd etmiş, neft sektorundan daxil olan vəsaitlər və büdcə gəlirləri artdıqca digər sahələrlə yanaşı, aqrar sektora olan diqqət və qayğının daha da artdığını xüsusi vurğulamışdır.
Zona seminar-müşavirəsinin iştirakçıları Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 2007-ci il 25 iyun tarixli qərarının aqrar sahənin inkişafına və məhsul istehsalınin daha da artmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmiş, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.