MƏDƏNİYYƏT
KİNOFESTİVALIN İKİNCİ GÜNÜ FİLMLƏR GÖSTƏRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Beynəlxalq “Şərq-Qərb” Bakı Kinofestivalının ikinci günü “Azərbaycan” kinoteatrında “Qayıdış” (Rusiya) və “Leylanın duası” (Qazaxıstan) filmlərinə baxış keçirilmişdir.
“Qayıdış” filmini rejissor Andrey Zvyagintsev Vladimir Moisenkonun və Aleksandr Novotoskinin birgə ssenariləri əsasında 2003-cü ildə çəkmişdir. Bu, indiyədək ancaq televiziya filmləri çəkmiş rejissorun ilk tammetrajlı filmidir.
Filmdə iki qardaşın ancaq fotoşəklindən tanıdıqları atalarının uzun illərdən sonra peyda olması ilə həyatlarında baş verən dəyişikliklərdən söhbət gedir.
Ladoqa və Fin körfəzində çəkilən filmin operatoru Mixail Kriçmandır.
“Leylanın duası” filminin həm ssenari müəllifi, həm də rejissoru Qazaxıstanın dövlət mükafatı laureatı Satıbaldı Narımbetovdur. Film 2002-ci ildə çəkilib.
Filmin qəhrəmanı Leylanın özü haqqında hekayəti ilə başlayan ekran əsəri onun duası ilə sona çatır.