DÜNYA
KİŞİLƏRİN VƏ QADINLARIN GÜLÜŞƏ MÜNASİBƏTİ FƏRQLİDİR
Bakı, 21 iyul (AZƏRTAC). Yumor hissi hər birimizdə müxtəlif cürdür. Kişilərin və qadınların gülüşə münasibəti də fərqlidir. Tədqiqatlar göstərmişdir ki, qadın və kişilərin davranışında prinsipial fərqlər vardır. Qadınla ünsiyyətdə olan kişi əvvəlcədən özünü qadını güldürməyə kökləyir, çünki hələ məktəb yaşlarından onun qızları güldürməkdən xoşu gəlir.
Digər nöqteyi-nəzər isə bioloji müəyyənlik ilə deyil, mədəni cəhətlərlə bağlıdır. Bir çox tədqiqatlar göstərmişdir ki, gülüşü üstün fərdlər idarə edir və öz tərəfdarlarını bir araya gətirmək üçün ondan güc toplamaq vasitəsi kimi istifadə edir. Buna görə də məclislərdə gülən qadınların əksəriyyət təşkil etməsi real hakimiyyətin kişilərin əlində olduğunu göstərir.
Gülüş istənilən qəfil, uca səs kimi sinir sistemini tənzimləyir, ehtiyatlı olmağa səfərbər edir. Gülüş insanların vəziyyətini yaxşılaşdırır, onları hələ uşaq ikən hiss etdikləri pozitiv emosiyalar aləminə aparır. Üstəlik, kişilər və qadınlar müxtəlif vəziyyətlərdə gülüşdən müxtəlif cür istifadə edirlər. Məsələn, qadın tanımadığı kişi ilə özünü narahat hiss edir, lakin əsəbi gülüşü sayəsində bu ünsiyyəti daha müsbət səviyyəyə qaldırır. Bu üsul kişi üçün yaramır, çünki onun gülüşü qadının narahatlığını daha da artırır.