SİYASƏT
KİYEV MƏKTƏBİNDƏ 28 MAY - RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏRS KEÇİRİLMİŞDİR
Bakı, 24 may (AZƏRTAC). Mayın 23-də Kiyevin 37 nömrəli ümumtəhsil məktəbinin Azərbaycan dili sinfində Azərbaycanın Respublika gününə həsr olunmuş dərs keçirilmişdir.
Tədbir Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzi, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev nümayəndəliyi və məktəbin rəhbərliyi tərəfindən təşkil olunmuşdu.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları, qızılgüllərlə bəzədilmiş sinifdə Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Azərbaycan dili müəllimi Səfiyə Naibova əvvəlcə sözü ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyevə vermişdir.
Diplomat toplaşanlara Azərbaycan dövlətçiliyinin memarı, dahi lider Heydər Əliyevin müasir Azərbaycanın yaradılmasında və inkişafında əvəzsiz rolundan, respublikada bütün sahələrdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışmışdır.
UAK-ın Kiyev nümayəndəliyinin sədri, Azərbaycanın və keçmiş SSRİ-nin Əməkdar İdman Ustası, sərbəst güləş üzrə Əməkdar Məşqçi Oleq Krapivin, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin direktoru, professor Arif Quliyev və başqaları tədbir iştirakçılarını salamlamışlar.
Sonra azərbaycanlı uşaqların iştirakı ilə konsert olmuşdur.
Tədbirdə ölkəmizin Kiyevdəki səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun və Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev