CƏMİYYƏT
KOICA Azərbaycan XİN-in əməkdaşları üçün təlim keçirəcək
Bakı, 14 iyun, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları üçün “Koreya dili və Koreya Mədəniyyətinə dair Anlayış” adlı təlim təşkil edəcək.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyunun 21-dən iyulun 11-dək Koreya Respublikasında təşkil olunacaq təlim proqramında ölkəmizi təmsil edəcək Azərbaycan XİN-in Birinci Asiya İdarəsinin əməkdaşı Tural Balakişiyev üçün KOICA Azərbaycan Ofisində tanışlıq görüşü və təqdimat keçirilib.
Təlim Proqramı Koreya dili biliklərini inkişaf etdirmək, bu ölkənin mədəniyyəti, iqtisadi inkişafı haqqında biliklər almaq, Koreya ilə iştirak edən ölkələr arasında əməkdaşlığı gücləndirmək, iştirakçı ölkələrin mədəniyyəti ilə bağlı fikir mübadiləsi aparmaq və qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi daşıyır. Təlimi icra edəcək qurum Koreya Respublikasının Qanknink-Vonju Dövlət Universitetidir. Təlimdə 11 ölkədən olmaqla 18 iştirakçı iştirak edəcək.
Təqdimat görüşündə KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok təmsil etdiyi agentlik və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, Tural Balakişiyevə uğurlar arzulayıb.
Qeyd edək ki, KOICA inkişaf etməkdə olan ölkələrdə qrant və əməkdaşlıq proqramları həyata keçirmək üçün 1991-ci ildə Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi tabeliyində yaradılmış dövlət agentliyidir. KOICA 1994-cü ildən başlayaraq azərbaycanlı dövlət qulluqçularını müxtəlif təlim və təqaüd proqramlarına dəvət edir. Bu günə olan statistikaya əsasən KOICA məzunlarının sayı 640 nəfərdən çoxdur.