DÜNYA
KONSTANTİN TOTSKİ: RUSİYA ERMƏNİSTANDAKI SƏRHƏD QOŞUNLARINI AZALTMAQ VƏ YA ÇOXALTMAQ FİKRİNDƏ DEYİLDİR
YEREVAN. Rusiya Ermənistandakı sərhəd qoşunlarının sayını nə azaltmaq, nə də çoxaltmaq fikrindədir. Bunu Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin (FSX) direktoru, general-polkovnik Konstantin Totski Yerevanda bəyan etmişdir. General demişdir: “2006-cı ilədək olan dövrdə FSX-nın quruculuq və inkişaf planında respublikadakı operativ qrupumuz heyətində hər hansı bir ciddi dəyişiklik edilməsi nəzərdə tutulmamışdır”. Onun sözlərinə görə, bu onunla bağlıdır ki, “sərhəddəki vəziyyət nəzarət altındadır”.
FSX-nın başçısı demişdir: “Gələcəkdə ediləcək dəyişikliklər yalnız dövlət sərhədinin mühafizəsinin həm forma, həm də üsullarının təkmilləşdirilməsi baxımından mümkündür”.
İTAR-TASS-ın məlumatına görə, Totski Ermənistanın təhlükəsizlik naziri, general-leytenant Karlos Petrosyanla birgə Ermənistandakı Rusiya sərhəd qoşunlarının saxlanmasına dair xərclərin smetasını imzalamışdır. Həmin sənədə əsasən, Rusiya tərəfi Türkiyə və İranla sərhəddə yerləşdirilmiş sərhədçilərin maliyyələşdirilməsinin 43 faizini, Ermənistan isə 57 faizini öz üzərinə götürür.