SİYASƏT
KOREYA RESPUBLİKASINDA AZƏRBAYCANIN DÖVLƏT BAYRAMI QEYD OLUNMUŞDUR
Bakı, 31 may (AZƏRTAC). “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı Koreya Respublikasının Seul şəhərində “SONBUGK” mədəniyyət mərkəzində Azərbaycanın 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirmişdir.
Tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri, Koreyada təhsil alan azərbaycanlı tələbələr, digər əcnəbi tələbə təşkilatlarının nümayəndələri, eləcə də “SONBUGK” mədəniyyət mərkəzinin üzvləri iştirak etmişlər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Mərasimdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı barədə geniş məlumat verilmiş, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Azərbaycan haqqında videoçarx təqdim edilmişdir.
Sonra Koreya Respublikasında təhsil alan tələbələrimizin ifasında milli rəqslərimiz, mahnılarımız, saz havaları ifa olunmuşdur.