ELM VƏ TƏHSİL
Kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə UNEC-də tədbirlər planı hazırlanır
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından irəli gələn məsələlərlə bağlı elmi seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, İAETİ-nin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov bu ilin 6 ayı ərzində ölkənin sosial-iqtisadi inkişafına dair təqdimatla çıxış edib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda 1,7 faiz artım olub. Həmçinin bu dövrdə xarici ölkələrlə əmtəə dövriyyəsi 7 min 267 milyon ABŞ dolları təşkil edib. Bu göstəricinin 4450,1 milyon dolları ixrac, 2816,9 milyon dolları idxal olmaqla nəticədə 1633,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu, əsasən qeyri-neft sektorunun inkişafı sayəsində ixracı əvəz edən məhsulların həcminin artması və dünya bazarına çıxış imkanlarının genişlənməsinin nəticəsidir.
Müşavirədə qarşıya qoyulan vəzifələrə diqqət çəkən İAETİ direktorunun müavini, professor Rövşən Quliyev ölkədə həyata keçirilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə UNEC-də tədbirlər planı hazırlandığını bildirib.
Sonda ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə dəstək məqsədilə xarici bazarların araşdırılması üçün İAETİ-də genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılmasına dair müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.