SİYASƏT
Kadri Simson: Cənub Qaz Dəhlizi Avropa İttifaqını və Azərbaycanı strateji enerji tərəfdaşlarına çevirdi
Bakı, 12 fevral, AZƏRTAC
Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında söyləyib.
Kadri Simson deyib: “Biz bu nöqtəyə təsadüfən, yaxud hansısa şərtlərlə gəlməmişik. Tam əksinə. Biz bu nöqtəyə bu gün ona görə çatmışıq ki, bu iclasda iştirak edən hər bir şəxs yorulmadan çalışıb və sadiqliyini nümayiş etdirib. Mən, əvvəlcə, Prezident Əliyevə bütün bu illər ərzində nümayiş etdirdiyi mövqeyinə, qətiyyətinə və strateji idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin Gürcüstan, Türkiyə və Albaniyaya təşəkkürümü bildirmək istəyirəm. Dəhlizimiz Sizin ərazilərdən keçir. Siz olmadan Cənub Qaz Dəhlizi layihəsi olmazdı”.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı, həmçinin bu müddət ərzində verdiyi siyasi dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına və Birləşmiş Krallığa, layihənin maliyyələşdirilməsinə töhfə vermiş Avropa İnvestisiya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Dünya Bankına və bütün özəl qurumlara minnətdarlıq edib.