CƏMİYYƏT
Kamran Əliyev: Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edirlər VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.
Dəfələrlə ermənistanlı həmkarı ilə görüşdə bu məsələni qaldırdığını söyləyən Baş prokuror deyib: “Təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin iki-üç qohumundan DNT nümunələri götürmüşük. Cəsədlər aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyənləşdirməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.
Brifinqdə yerli və xarici media nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər.