REGİONLAR
Kanallarda elektron su ölçmə cihazları quraşdırılıb VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinin balansında olan kanallarda elektron su ölçmə cihazları quraşdırılıb. Bu cihazlar vasitəsilə suyun dəqiq miqdarını ölçmək mümkün olacaq.
Bu barədə AZƏRTAC-a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
1972-ci ildən fəaliyyət göstərən Mil-Muğan Hidroqovşağı 100 min hektara yaxın ərazinin suvarılmasına xidmət edir. Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinin balansında olan əkin sahələrinin suvarılması üçün Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanallarının suyundan istifadə edilir. Suvarma kanallarında mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır. Baş-Mil kanalının uzunluğu 37 kilometrdən artıqdır. Kanal Füzuli və Beyləqan rayonları ərazisindən keçir. Bu kanaldan Yuxarı-Mil və Yeni Xanqızı kanalları ayrılır. Yuxarı-Mil kanalı Füzuli, Xocavənd və Ağcabədi rayonlarında əkin sahələrini suvarma suyu ilə təmin edir. Yeni Xanqızı kanalının suyu ilə isə Beyləqan və Ağcabədi rayonlarının sahələri suvarılır.
Mil-Muğan Hidroqovşağı üzərində suyu ərazilərə tam çatdırmaq üçün 6 ədəd seqmentvari qapı var. Bundan başqa, Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur.
Baş Mil kanalı vasitəsilə Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının əkin sahələri suvarma suyu ilə təmin edilir.