REGİONLAR
Karantin qaydalarını pozaraq sərnişin daşıyan sürücülər saxlanılıb VİDEO
Quba, 30 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin qaydalarını pozaraq Bakıdan ölkənin şimal rayonlarına gizli yollarla icazəsiz sərnişin daşıyan iki sürücünü – Cavid Ramazanovu və Mehbala İsrafilovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı Cavid Ramazanovun xüsusi karantin qaydalarını pozaraq, şəxsi nəqliyyat vasitəsilə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun xüsusi icazələri olmayan sərnişinlərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla Bakı şəhərindən ölkənin şimal rayonlarına daşıdığı məlum olub. Bakı-Quba yolu üzərində müvəqqəti quraşdırılmış postdan keçən zaman o, sərnişinləri postdan bir qədər aralıda düşürərək tanışı Mehbala İsrafilova görüşdürüb. Sərnişinlər Mehbala İsrafilovun bələdçiliyi ilə postun arxa hissəsindəki torpaq yol ilə həmin ərazidən keçməyə nail olublar. Daha sonra isə C.Ramazanova məxsus nəqliyyat vasitəsinə əyləşən müştərilər yollarına davam ediblər.
Saxlanılan sürücü barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Quba Rayon Məhkəməsinə göndərilib. Karantin qaydalarını pozan C.Ramazanov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Mehbala İsrafilov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, cərimələnib.