REGİONLAR
Karantin rejimini pozan Sumqayıt sakinlərindən narkotik vasitə aşkar edildi VİDEO
Quba, 14 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda karantin rejimini pozan Sumqayıt şəhər sakinlərindən narkotik vasitə aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Sumqayıt şəhər sakinləri Ədalət Aşurov və Ramin Mirzəliyev “Renault” markalı nəqliyyat vasitəsilə Qusar-Xaçmaz istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Xaçmaz rayonu Xudat şəhəri ərazisində quraşdırılmış müvəqqəti stasionar postda saxlanılıblar.
Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları həmin şəxslərin icazələri olmadan Xudat şəhərinə istirahət etmək məqsədilə gəlmək istədiyini müəyyənləşdirib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən, hər iki şəxs özlərini şübhəli apardıqları üçün üzərlərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ədalət Aşurov və Ramin Mirzəliyev narkotik maddə istifadəçisi olduqlarını və həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.