REGİONLAR
Karate-do üzrə yoldaşlıq görüşündə 38 idmançı mübarizə aparıb
Babək, 19 sentyabr, AZƏRTAC
Muxtar respublikanın Babək rayonunun Nehrəm kəndindəki 1 nömrəli tam orta məktəbin idman zalında karate-do üzrə Babək qəsəbəsi və Nehrəm komandaları arasında yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl çıxış edən Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının Babək rayon bölməsinin məşqçisi Vüsal Allahverdiyev son illər muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, bu gün Naxçıvanda müasir idman kompleksləri tikilib, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulub, maddi-texniki baza möhkəmləndirilib. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Bu qayğıdan Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası da yetərincə bəhrələnib. Federasiyanın Babək rayonundan olan karateçiləri keçirilən ölkə və beynəlxalq miqyaslı yarışlarda uğurla iştirak edir, diplom və medallara layiq görülürlər.
Yoldaşlıq görüşündə 38 idmançı mübarizə aparıb. Sonda qalib gələn Babək qəsəbəsi komandasının üzvlərinə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.