CƏMİYYƏT
Kaxa Kaladze: Bakı ilə Tbilisi şəhərlərinin qardaşlaşması bizim üçün mühüm əhəmiyyət kəsb edir
Tbilisi, 13 iyul, AZƏRTAC
Azərbaycanın paytaxtı Bakı və Gürcüstanın paytaxtı Tbilisi arasında qardaşlaşma haqqında memorandumun imzalanması bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisinin meri Kaxa Kaladze Bakıya səfərindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
K.Kaladze bildirib ki, bu gün Tbilisi dünyanın 20 ölkəsinin şəhəri ilə qardaşlıq münasibətlərinə malikdir. Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq.
“Bu, uzun əsrlər boyu Gürcüstan ilə Azərbaycan arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcək, müxtəlif sahələr üzrə əlaqələrimizin daha maraqlı olmasına şərait yaradacaq”, - deyə mer vurğulayıb.
Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi