REGİONLAR
Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılıb, 2,2 milyon insanın yol problemi həll olunub
Bakı, 8 fevral, AZƏRTAC
Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılıb, 2,2 milyon insanın yol problemi həll olunub.
AZƏRTAC xəbər verir ki, bu fakt Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində qeyd edilib.
2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin və onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqalədə yazılıb ki, Prezidentə ünvanlanan minnətdarlıq müraciətləri arasında avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində görülən tədbirlər barədə məktublar böyük yer tutur: “Məlumat üçün bildirək ki, 2018-ci ildə ölkə başçısının 73 sərəncamı ilə avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə təqribən 750 milyon manat, o cümlədən ümumilikdə 506 yaşayış məntəqəsini birləşdirən və 1 milyon 163 min insanın yaşadığı kənd və qəsəbə yollarının tikintisi məqsədilə 471 milyon 260 min manat vəsait ayrılmışdır. Əvvəlki illərdə icrasına başlanılmış işləri də nəzərə alsaq, keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılmış, yeni yollar salınmış, 2,2 milyon insanın yol problemi həll olunmuşdur”.
Məqalədə göstərilir ki, şəhər və rayonların bir sıra kənd və qəsəbələrindən daxil olmuş məktublarda avtomobil yollarının təmir-tikintisinə, yeni yolların çəkilməsinə, bununla əlaqədar sərəncamların imzalanmasına görə razılıq ifadə olunur. Həmin məktubların bir çoxunda xüsusi vurğulanır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması insanların rahatlığını təmin etməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatının və turizmin inkişafına yeni təkan verəcəkdir.