REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Heyvan Sağlamlığı Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 7-də Bakıda Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Heyvan Sağlamlığı Təşkilatının Avropa nümayəndəliyinin rəhbəri Kazimiras Lukauskas ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən Azərbaycanda keçirilməsi planlaşdırılan atçılıq yarışları ilə bağlı baytarlıq baxımından təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
Görüşdə, həmçinin baytarlıq üzrə milli qanunvericiliyin təkmilləşdiriməsinə Dünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən texniki dəstəyin göstərilməsi və heyvanların identifikasiya sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Dünya Heyvan Sağlamlığı Təşkilatı beynəlxalq hökumətlərarası təşkilatdır və 178 ölkə onun üzvüdür. Azərbaycan bu təşkilata 1995-ci ildə üzv olmuşdur.