REGİONLAR
Kəngərli rayonunda bələdiyyələrə metodik vəsaitlər paylanılıb
Kəngərli, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən olan yerli özünüidarə orqanlarına metodik köməklik göstərilməsi işi ardıcıl olaraq davam etdirilir, bələdiyyələrin işinin daim təkmilləşdirilməsinə, fəaliyyətlərinin daha səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nazirliyin əməkdaşları Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyələrdə olaraq kargüzarlıq sahəsində növbəti dəfə metodik köməklik göstərib, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair”, “Metodik sənədlər toplusu”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodik vəsaitləri paylayıblar.
Nazirlik bu istiqamətdə olan tədbirlərini digər rayonlarda da davam etdirərək bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara hüquqi, metodoloji yardım göstərilməsi işini diqqət mərkəzində saxlayacaq.