İQTİSADİYYAT
“Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqının TAIEX yardım aləti çərçivəsində “Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, seminar nazirliyin Elektron Təhlükəsizlik Xidməti tərəfindən TAIEX yardım aləti çərçivəsində təqdim olunmuş layihə əsasında reallaşıb.
Tədbirin məqsədi kibertəhlükəsizlik strategiyaları və onların həyata keçirilməsi üzrə tədbirlər planlarının hazırlanmasında Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi, həmçinin ölkə qanunvericiliyinin Avropa direktivlərinə uyğunlaşdırılması ilə bağlı müzakirələrin təşkili olub. Seminarda, həmçinin şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən fərdi məlumatların mühafizəsinə dair müzakirələrə (“GDPR Regulation”) geniş yer verilib.
Seminarda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu aidiyyəti beynəlxalq konvensiya və proqramlar, milli qanunvericilik bazasının inkişaf etdirilməsi üzrə aparılan işlər barədə ətraflı məlumat verib. Ölkəmizin ümumi inkişafında kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayrıldığını vurğulayan E.Vəlizadə nazirliyin və digər dövlət qurumlarının yaxından iştirakı ilə beynəlxalq təcrübə əsasında kibertəhlükəsizlik üzrə milli strategiyanın hazırlandığını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas kibertəhlükəsizlik üzrə Aİ-nin Azərbaycanla əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Daha sonra Almaniya, Polşa, Slovakiya və Estoniyanın sahə üzrə aparıcı ekspertləri Aİ-nin, o cümlədən öz ölkələrinin təcrübəsini bölüşüblər. Ekspertlər, həmçinin e-imzaların qarşılıqlı tanınması ilə bağlı təqdimatlar ediblər.
Tədbir xarici ekspertlərin və iştirakçıların ətraflı müzakirələri ilə başa çatıb.