İQTİSADİYYAT
Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışına dair forum keçiriləcək
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakıda “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, qurumun rəhbərliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri arasında görüş baş tutub.
Görüşdə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək ola biləcək maliyyə alətlərindən sahibkarların istifadə imkanlarının genişləndirilməsi məqsədilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forumun keçirilməsi ilə bağlı tərəfdaşlıq məsələsi müzakirə olunub.
Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov iştirak ediblər.