REGİONLAR
Kikboksinq üzrə muxtar respublika birinciliyinə yekun vurulub
Şərur, 11 aprel, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikası-95” devizi altında kikboksinq üzrə kadetlərarası muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonunda keçirilən birincilikdə 60-dan çox idmançı 3 yaş qrupu üzrə 18 çəki dərəcəsində mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birinciliyin açılış mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovun və Kikboksinq Federasiyasının sədr müavini Tahir Məmmədlinin çıxışları olub.
Bildirilib ki, bu gün muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir infrastruktur yaradılıb, maddi-texniki baza gücləndirilib və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib.
Sonra yarışlara start verilib. Yarışın yekun nəticəsinə əsasən, 8-10 yaşlı idmançılar arasında Uğur Məmmədli, Fərman Bağırov, Sadiq Kərimov, Oğuz Məmmədli və Səid Abbaslı öz çəki dərəcələrində qalib adını qazanıblar.
10-13 yaşa qədər (kik-layt) idmançıların mübarizəsində isə Elton Fərzəliyev, Sinan Kazımov, Hüseyn Həsənov, Raiq Rəcəbli, Səhət Əsədov və Zeynalabdin Musayev bütün rəqiblərini üstələyiblər.
Azər Zamanlı, Şəmsəddin Əliyev, İsmayıl Yaqubov, Elton Səfərli, Fərid Məhərrəmov, Onur Əlizadə və İldırım Tarverdiyev isə 13-15 yaşlı kadetlər arasında muxtar respublika birinciliyinin qalibi olublar.
Qızların mübarizəsində Duyğu Hüseynova qalib adını qazanıb.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.