REGİONLAR
Kiloqramı keyfiyyətindən asılı olaraq 1,5-2 manata satılır VİDEO
Xaçmaz, 31 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı sahibkarlar may ayının ikinci ongünlüyündən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.
AZƏRTAC xəbər verir ki, yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır. Gilasın bir kiloqramı keyfiyyətindən asılı olaraq 1,5-2 manata satılır.
Bağ sahibləri hazırda gilasın tezyetişən sortlarını toplayırlar. Sahibkarlar gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyirlər. Buna görə də hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayırlar.
Rayonun Müzəffəroba kəndindən olan təsərrüfatçı Həsən Bayramov bildirir ki, iyul ayının ilk günlərindən gilasın digər sortlarının da yığımına başlayacaqlar. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının bazarlarına da göndəriləcək.
İyun ayı gilas yığımının ən qızğın çağıdır. Xaçmaz rayonunda gilasın “Krım” və “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir.
Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər.