ELM VƏ TƏHSİL
Kimya fənni üzrə tapşırıqlar elmi-metodik baxımdan təhlil edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasın gündəlik məsələsi avqustun 20-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili olub.
İclasda müzakirə edilən 5 qapalı, 8 açıq tipli (cavabı kodlaşdırıla bilən 3 hesablama, 1 seçim, 1 uyğunluğun müəyyən edilməsi tipli və cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı situasiya) tapşırığın hər biri (48-60 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib. Redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Noyabrın 24-də müzakirələr davam etdiriləcək.