MƏDƏNİYYƏT
Kitabxananın əməkdaşları İkinci Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib və məzarları üzərinə qərənfillər düzülüb.
Ziyarət zamanı kitabxana əməkdaşları şəhid Murad Mayıl oğlu Nağıyevin anası Xavər Məmmədli ilə də görüşüblər.
Qeyd edilib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, həmçinin bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si gününün ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb.