CƏMİYYƏT
Kiyevdə “Köhnə Corat” restoranı açılıb VİDEO
Kiyev, 1 oktyabr, AZƏRTAC
Bu və ya digər ölkənin yaxud millətin adət-ənənələri ilə yaxından tanış olmağın bir üsulu milli mətbəx nümunələrinin dadına baxmaqdır. Bu təamlar çox şeydən xəbər verə bilər.
AZƏRTAC xəbər verir ki, Ukraynada Azərbaycan milli xörəklərinin təklif edildiyi ən yaxşı restoranlardan biri Kiyevdəki “Köhnə Corat” restoranıdır.
Bu iaşə müəssisəsinin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, Azərbaycanda hamının xoşladığı Corat qutabları burada da təklif edilir və qısa müddətdə həm yerli əhali arasında, həm də Ukraynada yaşayan azərbaycanlılar arasında çox populyarlaşıb.
Restoranın baş aşpazı Elman Əliyev deyir: “Qoyun ətindən tikə kabab və lüləkabab burada çox populyardır, lakin Corat qutablarına tələbat daha çoxdur. Yeməklərin hazırlanması üçün əti hər gün səhər xüsusi bazarda alırıq. Məhsullarımız həmişə təzə olur. Mətbəximiz yaxşıdır, müştərilərimiz çoxdur, hamısı da razıdır”.
Restoranın müştəriləri arasında həmvətənlərimizlə bərabər ukraynalılar da çox olur. Qonaqların sözlərinə görə, onlar “Köhnə Corat” restoranına çox vaxt həyat yoldaşları, uşaqları, qohumları ilə bərabər gəlir, müxtəlif əlamətdar hadisələri burada qeyd edirlər.
Aleksandra adlı xanım müştəri deyir: “Biz Azərbaycan mətbəxinin yeməklərini çox xoşlayırıq. Şəxsən mən qızardılmış badımcanı daha çox xoşlayıram, ərim qoyun ətindən hazırlanmış tikə kababa üstünlük verir. Balaca oğlum isə təndirdə bişmiş kökə üçün, necə deyərlər, əldən gedir”.
Bu restoranda Azərbaycanın ən yaxşı ənənələrinə riayət edilir. Dadlı yeməklər, ənənəvi interyer, şərqlilərə xas olan qonaqpərvərlik və bənzərsiz kolorit sayəsində bu restoran sevimli iaşə müəssisəsinə çevrilib.
Rüstəm Məmmədov
Kiyev