CƏMİYYƏT
Könüllü İlqar Əhmədbəyli: Gənclərin enerjisi, bilik və bacarıqları ölkəmizin dayanıqlı inkişafı yoluna işıq saçacaq
Bakı, 10 yanvar, Səadət Hakıyeva, AZƏRTAC
Həyat dəyişir, inkişaf edir. Amma dəyişməyən və hər zaman öz aktuallığını qoruyub saxlayan bir deyim var: “Gənclər bizim gələcəyimizdir”. Çünki hər bir dövlətin, millətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır. Ölkəmizdə gənclərə hər zaman diqqət və qayğı göstərilir və onların hərtərəfli inkişafı üçün şərait yaradılır. Biz gənclər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edirik. Azərbaycan gəncliyinin potensialına inanan dövlətimizin başçısı idarəetmə orqanlarında, bələdiyyələrdə, ümumiyyətlə, bütün sahələrdə gənclərin irəli çəkilməsinə böyük önəm verir, onlardan dəstəyini əsirgəmir. Yaşadığımız 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də bu diqqət və qayğının bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 8 ildir könüllülük fəaliyyəti məşğul olan İlqar Əhmədbəyli söyləyib.
“Ölkəmizdə ilk dəfə könüllülərin potensialından kütləvi şəkildə istifadə olunması 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinə təsadüf edib. Mən də bir çox gənc kimi, həmin müsabiqədə könüllü kimi iştirak etmək üçün sorğu göndərdim və müsahibə mərhələsindən uğurla keçdim. O vaxt Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alırdım. Uğurla başa çatan mahnı müsabiqəsində ilk təcrübəmizi qazandıq. Bu iş çox xoşuma gəlmişdi və fəaliyyətimi bir sıra dövlət müəssisələrində davam etdirdim. Ardınca dünyada ilk dəfə keçirilən və Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında, sonra isə IV İslam Həmrəyliyi Oyunlarında iştirak etdim. Qərara aldım ki, fəaliyyətimə idman könüllüsü kimi davam edim.
Hazırda Azərbaycan Gimnastika Federasiyasında (AGF) könüllü kimi fəaliyyət göstərirəm. 2014-cü ildə Bakıda Milli Gimnastika Arenasının açılışından sonra könüllülərin qəbulu prosesindən uğurla keçdim. Gimnastikanın bütün 6 yarış növü üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı Milli Gimnastika Arenasında işləməkdən zövq alıram. Arenanın istifadəyə verildiyi il ilk dəfə AGF-nin təşkilatçılığı ilə bədii gimnastika üzrə XXX Avropa çempionatı keçirildi. Çempionatın yüksək səviyyədə keçməsi üçün ciddi iş rejimində və məhsuldar işlədik. İndiyədək çoxlu sayda beynəlxalq və yerli səviyyəli yarışlarda iştirak etmişəm, AGF-nin mehriban kollektivinin dəstəyi mənə hər zaman stimul verib. Burada qalıb davam etməyimin səbəbi federasiyada yaradılan mehriban və xoş mühitdir. Bu mühitin yaradılmasında Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi, əməkdaşları və AGF könüllülərinin zəhməti böyükdür.
İlqar Əhmədbəyli bildirib ki, könüllü olmaq iş təcrübəsi ilə yanaşı, ona həm də çoxlu dost qazandırıb. Onların bəziləri müxtəlif sahələrdə çalışsalar da, bu günə kimi dostluq münasibətlərimiz davam edir.
“Ölkədə könüllülük fəaliyyətinə böyük önəm verilir. Çox az sayda ölkələr var ki, “Könüllülük haqqında” qanun qəbul edilib və həmin ölkələrdən biri də Azərbaycandır. Gənclərin inkişafına təkan vermək, onların potensialından xalqımızın rifahı və ölkəmizin gənclərin işıqlı gələcəyi üçün səmərəli istifadə etmək zamanın tələbidir. İnanırıq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması biz gənclər üçün çox geniş imkanlar yaradacaq, gənclərin bitib-tükənməyən enerjisi, bilik və bacarıqları ölkəmizin dayanıqlı inkişafı yoluna işıq saçacaq”, - deyə könüllü bildirib.