Körfəzin ərəb ölkələri öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıblar
AzerTAg.az

Qahirə, 13 fevral, AZƏRTAC
Körfəzin ərəb ölkələri öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıblar.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Kiyevdəki səfirliyinin bəyanatında krallığın vətəndaşlarına diplomatik nümayəndəliyə gəlmələri və tez bir zamanda Ukraynanı tərk etmələri, həmçinin bu ölkəyə səfəri təxirə salmaları tövsiyə olunub.
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətərin Ukraynadakı səfirlikləri də öz vətəndaşlarına Ukraynanı tərk etməklə bağlı müraciət ediblər.
Bu müraciətlər Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Rusiyanın hər an Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatından sonra edilib. Rəsmi Moskva isə bu bəyanatı Qərbin növbəti təxribatı adlandırıb və belə bir niyyətinin olmadığını bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var