ELM VƏ TƏHSİL
“Koroğlu” dastanının Vəli Xuluflu nəşri çapdan çıxıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanı (Vəli Xuluflu nəşri)” çapdan çıxıb.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda “Koroğlu” dastanının özünəməxsus söylənmə, toplanma, nəşr və tədqiq tarixi var. 1920-ci illərin əvvəllərindən “Azərbaycanı Öyrənmə Cəmiyyəti” də “Koroğlu”nun toplanmasına təşəbbüs göstərib. Müxtəlif mətbu orqanlarında eposdan nümunələr, seçmələr, yeni yazıya alınmış parçalar çap olunub. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət göstərənlərdən biri isə folklorşünas alim, professor Vəli Xuluflu idi. 1927-ci ildə V.Xuluflu “Koroğlu”nun iki qolunu – “Toqat səfəri” və “Bağdad səfəri”ni, 1929-cu ildə isə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə “Koroğlu”nun on qolunu yenidən nəşr etdirib. V.Xuluflu Koroğlu əhvalat və hadisələrini Tovuzda Aşıq Hüseyn Bozalqanlıdan toplayıb.
“Koroğlu” dastanının 1929-cu il nəşrinin önəmli məqamlarından biri “Gürcüstanda yaşayan Ahıska türklərindən Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. “Ahıska türklərində Koroğlu” aşığın söylədiyi mətndir, o dəyişdirilməyib, işlənməyib və redaktə olunmayıb. “Gürcüstan-Ahıska türklərindən Koroğlu” variantını Məhəmməd Bidzinov V.Xulufluya təqdim edib. M.Bidzinov bu nağılı Ahıskada xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıya alıb.
Kitabı BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova nəşrə hazırlayıb.
Kitab alimlər, folklorşünaslar, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.