DÜNYA


Koronavirus pandemiyası Avstriya iqtisadiyyatına İkinci Dünya müharibəsindən bəri ən ağır zərbəni vurub

Vyana, 29 sentyabr, AZƏRTAC

Koronavirus pandemiyası Avstriya iqtisadiyyatına İkinci Dünya müharibəsindən bəri ən ağır zərbəni vurub. Bu ilin ikinci rübündə ümumdaxili məhsulun həcmi 14,3 faiz aşağı düşüb, turizm və qastronomiya obyektləri ötən illə müqayisədə dövriyyələrinin 60 faizindən çoxunu itiriblər. AZƏRTAC xəbər verir ki, üçüncü rübdə ümumdaxili məhsulda azalma 12,1 faiz olub. Avstriya Statistika İdarəsinin rəhbəri Tobias Tomas rəqəmləri şərh edərkən bildirib ki, ölkə iqtisadiyyatında belə güclü geriləmə İkinci Dünya müharibəsindən bəri qeydə alınmayıb. Avstriyada lokdaunun mart ayında tətbiq edilməsinə baxmayaraq, birinci rübdə də iqtisadi göstəricilər ürəkaçan olmayıb və geriləmə 3,4 faiz olub. Bu isə həmin vaxt pandemiyanın Çində başlaması səbəbindən ixracyönümlü şirkətlərin bu ölkə ilə əlaqələrinin zəifləməsindən irəli gəlib.

Hesabatda nəzərə çarpan məqamlardan biri isə pandemiyanın ölkədaxili iqtisadiyyatın ən çox hansı sahələrinə zərbə vurması ilə bağlı olub. Qeyd edilib ki, əsas çətinlik xidmət sektorunda müşahidə olunub və əsasən turizm və qastronomiya sektoru (65,2 faiz), asudə vaxtın təşkili və mədəni tədbirlər sahəsi (27 faiz) gəlirlərini itirib. Mənzil, səhiyyə, ictimai idarəçilik, informasiya və kommunikasiya sahəsində dəyişiklik olmayıb, ərzaq məhsulları və fərdi istehlak mallarının satışında isə artım müşahidə olunub.

T.Tomas qeyd edib ki, pandemiyanın ikinci dalğasında lokdaun qərarının veriləcəyi təqdirdə ölkə iqtisadiyyatının tənəzzülü uzunmüddətli xarakter ala bilər. Belə olarsa, proqnozlara görə, gələn il üçün iqtisadi artım 1,4 faizə düşəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.