CƏMİYYƏT
Koronavirus xəstələri ictimai yerlərdə aşkar olunaraq saxlanılıb
Bakı, 15 aprel, AZƏRTAC
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis orqanlarının əməkdaşları tərəfindən aprelin 14-də respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar olunaraq saxlanılıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 16 nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyəti nisbətən ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.