CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 53 santimetr azalıb
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsi dəyişməyib. Suyun səviyyəsi Lənkərançay-Sifidorda 30, Təngərüdçay-Vaqoda 25, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Gəncəçay-Zurnabadda 14, Şəmkirçay-Qalakənddə 3 santimetr artıb, Kürəkçay-Çaykənd məntəqəsində dəyişməyib. Zəyəmçay-Ağbaşlar məntəqəsində 5, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltıda 2, Qusarçay-Kuzun məntəqəsində isə 3 santimetr azalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 53 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 630 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 84 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 48 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 361 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 178 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 58 faiz çoxdur.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 50 santimetr artaraq 520 santimetr, su sərfi isə saniyədə 289 kubmetr olub. Məntəqədə orta su sərfi mayın 10-da 247 kubmetr/saniyə, maksimal su sərfi saat 20:00-da saniyədə 267 kubmetr təşkil edib.
Kür-Şirvanda suyun səviyyəsi 64 santimetr artaraq 259 santimetr olub. Məntəqədə orta səviyyə mayın 10-da 215 santimetr, maksimal səviyyə isə saat 20:00-da 235 santimetr təşkil edib.
Kür-Bankədə suyun səviyyəsi 2 santimetr artaraq 120 santimetr, su sərfi 40,7 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi mayın 10-da 58,6 kubmetr/saniyə, maksimal su sərfi saat 08:00-da saniyədə 58,8 kubmetr edib.