CƏMİYYƏT
Kür çayının Şıxlı-2 məntəqəsində fenolların miqdarı normadan 4 dəfə yüksək olub
Bakı, 21 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevralda növbəti monitorinq həyata keçirib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, fevral ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi birinci ongünlüyə nisbətən saniyədə 32 kubmetr artaraq saniyədə 198 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Fevral ayının ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə və Bəhramtəpədə 2, I Şahsevəndə 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,44-7,02 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.