CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb
Bakı, 28 iyul, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 77 kubmetr olmaqla, ongünlük normanın 50 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 26 kubmetr olmaqla, ongünlük normanın 30 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 6, Salyanda 8 santimetr artım, Bankədə isə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349, Şirvanda 203, Salyanda 120, Bankədə 183, Araz çayının Novruzlu məntəqəsində isə 54 santimetr təşkil edir.