REGİONLAR
Kür çayının ortasındakı ada yerli və xarici turistləri Mingəçevirə cəlb edəcək
Mingəçevir, 28 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir respublikamızın turizm potensialı böyük olan şəhərlərindən biridir. Şəhərə gələn yerli və xarici turistlər artıq yeni məkanda - Kür çayındakı adada istirahət edə biləcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhərinin yaxınlığında, Kür çayındakı adaya turistlərin cəlb edilməsi üçün ərazidə mühüm işlərin görülməsinə başlanılıb. Şəhərdə fəaliyət göstərən “Riverside” otelinin kollektivi bir hektar ərazisi olan bu adanı kol-kosdan, yabanı bitkilərdən təmizləyib. Mingəçevir şəhərindən 4 kilometr məsafədə yerləşən və 2013-cü ildən insanların ayaq basdığı bu ada indi fərqli görünüşə malikdir. Hazırda adanın təbii landşaftı bərpa olunur, orada ağac və gül kolları əkilir, turistlərin yüksək səviyyədə dincəlməsi üçün vacib obyektlər tikilir.
İndiyədək əraziyə 2 mindən çox ağac əkilib, mövcud ağaclar budanıb, ərazidə səliqə-sahman yaradılıb. Bundan əlavə, turistlərin asudə vaxtlarını xoş keçirmələri üçün orada istirahət guşəsi, müxtəlif oyun meydançaları inşa ediləcək. Adanın ərazisində balıqçılıq və ovçuluq üçün əlverişli şərait var. Yerli və əcnəbi turistlər burada dincəlməklə yanaşı, maraqlı idman oyunları, xüsusən də stend atıcılığı və peyntbol ilə məşğul ola biləcəklər.
Hazırda ada müxtəlif güllə atıcılığı oyunlarının keçirilməsi üçün tam hazırdır. Peyntbol üçün geniş oyun yeri hazırlanıb. Kifayət qədər peyntbol maskaları, oyun silahı və şarlar mövcuddur. Həvəskar komandalar arasında bir neçə yarış keçirilib. Sakit və maraqlı məkana hazırda Mingəçevirdən və qonşu rayonlardan olan insanlar üz tuturlar.
Yayda xarici turistlərin də bu məkana cəlb edilməsi nəzərdə tutulur. Hazırlıq işlərinin mayadək yekunlaşdırılması, yay aylarında isə turistlərin hər gün bu adaya səyahətinin təşkil olunması planlaşdırılır. Yerli və xarici turistlər sahildən Kür çayının hövzəsindəki adaya kiçik həcmli gəmi və motorlu katerlərlə aparılacaqlar.