CƏMİYYƏT
Kürdəmir rayon sakinindən üç kiloqramdan çox heroin götürülüb
Bakı, 9 iyul, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Ağdaş rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayonunun Atakişili kənd sakini Fuad Zeynalovun üzərindən təmiz çəkisi 773 qram olan heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində F.Zeynalovun həmin kənddəki evinə baxış keçirilib. Evin qonaq otağındakı soyuducunun içərisindən 2 kiloqram 742 qram heroin və 345 qram metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.