REGİONLAR
Kürdəmir rayonunda kartof əkininə hazırlıq işləri görülür
Kürdəmir, 7 yanvar, AZƏRTAC
Kürdəmir rayonunda cari ilin məhsulu üçün 910 hektardan çox sahədə kartof əkini gözlənilir. Fermerlər və fiziki şəxslər bu mühüm kampaniyaya hazırlaşırlar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq kartof əkiləcək sahələr təmizlənərək hamarlanıb, şum çıxarılıb və hər yerdə torpağa üzvi gübrə verilib. Kifayət qədər toxum da tədarük olunub. Bu mövsümdə də yerli şəraitə daha çox uyğun olan və tez yetişən “Penzen”, “İskra”, orta yetişən “Akvila”, “Lorx”, “Temp” sortlarından istifadə olunacaq.
Hazırlıq işləri hər yerdə, xüsusilə daha çox kartof əkilən Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Köhünlü, Qocalı, Carlı və bir sıra digər ərazi dairələrində daha keyfiyyətli aparılıb. Fevralın əvvəllərindən rayonda kütləvi kartof əkininə başlanacaq.
Qeyd edək ki, kartofçuluq Kürdəmirdə ənənəvi təsərrüfat sahəsidir. Sakinlər ilboyu bazarlarda və ailə mətbəxində böyük ehtiyac olan bu məhsulun yetişdirilməsində çox maraqlıdırlar. Ötən il rayonda 895 hektar sahədən 12 min 370 ton kartof istehsal edilmişdi. Hər hektardan məhsuldarlıq 138,2 sentner olmuşdu ki, bu da inişilki göstəricidən 12 sentner çoxdur.