REGİONLAR
Kürdəmirdə Dövlət Aqrar İnkişaf mərkəzlərinin II Respublika müşavirəsi keçirilib
Kürdəmir, 11 may, AZƏRTAC
Mayın 11-də Kürdəmirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) II Respublika müşavirəsi keçirilib.
Rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının nümayəndələri, struktur bölmə rəhbərləri, 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ötən ilin sonunda aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradıldığını, yeni qurumun xidmət strukturu kimi fəaliyyət göstərdiyini deyib.
Nazir DAİM-lərin l Respublika müşavirəsində verilən tapşırıqların icra vəziyyətinin müzakirə ediləcəyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşımıza qoyulmuş əsas vəzifələrdir. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi addımlar atılmaqdadır. Qeyd etmək istəyirəm ki, ötən müşavirədə DAİM-lər qarşısında çox ciddi tapşırıqlar qoyulub. Rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi, gübrə, toxum və texnika ilə təminat məsələləri ön plana çəkilib. Bu istiqamətlərdə bir sıra addımlar atılıb, qarşıda duran məsələlərin həlli ilə bağlı çox ciddi işlər görülüb. Kənd təsərrüfatı daim dinamik inkişaf edən sahə olduğu üçün biz bu istiqamətdə məqsədlərimizə çatmalı, Prezident İlham Əliyev tərəfindən qarşımızda qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmalıyıq".
Nazir müşavirədə taxıl biçininə hazırlıq, pambıq səpininin vəziyyəti, barama istehsalının mövcud durumu, texnika və gübrə ilə təminat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı görülən işlər ətrafında müzakirələr aparılacağını bildirib.
Kürdəmir DAİM-in direktoru Mətləb Kərimov "Kürdəmir rayonunda pambıqçılığın mövcud vəziyyəti və yaxşı təcrübə nümunələri", Füzuli DAİM-in direktoru Hüseyn Abbasov "Füzuli rayonunda baramaçılığın inkişaf vəziyyəti və yeni hədəflər", Şəki DAİM-in direktoru Mehman Yusibov "Şəki rayonunda taxılçılıq: məhsuldarlığın artırılması üçün innovativ yollar" mövzularında məruzə ilə çıxış ediblər.
Mövzular ətrafında müzakirələr aparılıb, təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Müşavirə iştirakçıları aqrar sahəyə dair Dövlət proqramlarının icrası, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyətinin rayonlarda DAİM-lər tərəfindən vahid şəkildə koordinasiya olunması istiqamətində görülən işlər, kooperativlərin yaradılması üzrə DAİM-lər tərəfindən təşviqat işlərinin aparılmasının zəruriliyi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Müşavirəyə yekun vuran nazir İnam Kərimov DAİM-lərin bundan sonrakı fəaliyyətləri ilə əlaqədar qarşıda duran əsas vəzifələrə toxunub. Yerli qurumların qarşısında duran əsas vəzifələrdən bəhs edən nazir daim fermerlərin yanında olmağın zəruriliyini bildirib, ixtisaslı və peşəkar işçi qüvvəsinin hazırlanması üçün fəaliyyətlərini gücləndirməyi tapşırıb. Nazir, habelə DAİM-lərin II Respublika müşavirəsində qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib.