ELM VƏ TƏHSİL
Kürdəmirdə Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunub
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MSK) ilə birgə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə Kürdəmir rayon MKS-nin müdir əvəzi İradə Mahmudova XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.
Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Xatirə Soltanova şairin yaradıcılığı barədə məruzə ilə çıxış edib. X.Soltanova bildirib ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söz açıb. O, ölməz və həmişəcavan Müşfiqin daim ürəklərdə yaşayacağını, onun yaratdığı solmaz sənət incilərinin yaddaşlara əbədi həkk olunduğunu söyləyib. Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar!” və digər şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Tədbirdə poeziya həvəskarları şairin şeirlərindən parçalar səsləndirib, incəsənət nümayəndələri Müşfiqin şeirlərinə bəstələnmiş musiqilər ifa ediblər.