REGİONLAR
Kürdəmirdə şəhidlərin xatirəsi yad edilib
Kürdəmir, 21 iyun, AZƏRTAC
Kürdəmir rayonunun Topalhəsənli kəndində birinci Qarabağ döyüşlərində şəhid olan Sərdar Səffər oğlu Əmiraslanovun, Sehran Sabir oğlu Qəniyevin və Teymur Təvəkkül oğlu Kərimovun xatirəsi yad olunub. Anım mərasimində şəhidlərin döyüş yoldaşları, bir vaxtlar təhsil aldıqları kənd məktəbinin müəllim və şagirdləri, rayon icra hakimiyyətinin nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə birinci və ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları üzərinə çiçəklər düzülüb. Çıxış edənlər Sərdar Əmiraslanovun, Sehran Qəniyevin və Teymur Kərimovun həyat yollarından, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, Sərdar Əmiraslanov 1970-ci ildə, Teymur Kərimov 1975-ci ildə, Sehran Qəniyev isə 1977-ci ildə Topalhəsənli kəndində dünyaya göz açıblar. Hər üçü kənd məktəbində təhsil alıb, Vətən darda olanda torpaqlarımızın müdafiəsinə qalxıblar. 1992-ci ilin fevralında Xocalı faciəsinin səhərisi hər üçü döyüşlərə atılıb. Cəbhənin müxtəlif bölgələrində vuruşublar. Son döyüşləri 1992-ci il iyunun 16-da olub və hər üçü həmin döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Diqqətə çatdırılıb ki, şəhidlərimizin qanı yerdə qalmadı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində onların da ruhu şaddır.
Çıxışlarda bu cür tədbirlərin keçirilməsinin, şəhidlərimizin xatirəsinin yad edilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətini də vurğulayıblar.