QAN YADDAŞI


Kurqan şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb

Yekaterinburq, 26 fevral, AZƏRTAC

Rusiya Federasiyasının Kurqan şəhərində fəaliyyət göstərən “Azərbaycan Konqresi” Kurqan regional ictimai təşkilatının təşkilatçılığı və Azərbaycanının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Baş Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, ictimai təşkilatın rəhbəri Niftilla Niftullayev 28 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı haqqında məlumat verib, bu dəhşətli faciə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü və 155 nəfərin itkin düşdüyünü bildirib.

Daha sonra tədbirdə çıxış edən baş konsul İlqar İskəndərov Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və ermənilər tərəfindən Azərbaycanda törədilmiş terror aktları və Xocalı soyqırımı haqqında danışıb. O, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Baş konsul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə də məlumat verib və kampaniyanın Xocalıda soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən soydaşlarımız Xocalı soyqırımının bəşəriyyətin dəhşətli faciələrindən biri olduğunu vurğulayıb, belə hadisələrin gələcəkdə təkrarlanmaması məqsədilə dünya xalqlarının birləşməsinin və bir şüar altında çıxış etməsinin vacibliyini bildiriblər.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib və Azərbaycan diasporunun dini nümayəndələri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub, xatirələri yad edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.