MƏDƏNİYYƏT
LEOPOLD VƏ MSTİSLAV ROSTROPOVİÇLƏR ADINA MUSİQİ MƏKTƏBİNDƏ
Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç martın 4-də Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində olmuşdur. Məktəbin müəllim və şagirdləri hörmətli qonağı səmimiyyətlə və mehribanlıqla qarşıladılar. Mstislav Rostropoviç yeniyetmə istedadların yüksək sənətin sirlərinə yiyələndikləri siniflərə baxdı, Leopold Rostropoviçin 110 illiyinə həsr edilmiş divar qəzeti ilə tanış oldu.
Sonra konsert verildi. Şagirdlərin ifasında Motsartın, Marçellonun, Venyavskinin, Gecadzenin əsərləri səsləndi. “Bəri bax” vokal qrupu da toplaşanlar qarşısında çıxış etdi, ikinci sinif şagirdi Orxan Musayev isə “Xanəndə” Azərbaycan xalq mahnısını oxudu. Mahnı məşhur həmyerlimizin çox xoşuna gəldi. Prezident təqaüdçüsü, 8-ci sinif şagirdi Cəmilə Musayevanın ifasında Venyavskinin “Polonez”i Mstislav Rostropoviçdə güclü təəssürat doğurdu.
Mstislav Rostropoviçin xanımı Qalina Vişnevskaya, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, digər rəsmi şəxslər də məktəbdə olmuşlar.