DÜNYA
LİNQVİSTLƏR XƏBƏRDARLIQ EDİRLƏR
Qloballaşma prosesi və gənclərin, necə deyərlər, elliklə ingilis dilini öyrənməsi 20-30 ildən sonra bütün dünya dillərinin 60 faizinin ölü dillərə çevrilməsinə gətirib çıxara bilər. AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, linqvistlərin Leypsiqdə (Almaniya) keçirilmiş beynəlxalq konfransının iştirakçıları belə qənaətə gəlmişlər.
Almaniya linqvistlərinin fikrincə, hazırda planetin müxtəlif kiçik xalqlarının 4 min dili həmişəlik yox olmaq təhlükəsi ilə qarşılaşmışdır. Leypsiq Universitetinin professoru Baltazar Bikel demişdir: “Məsələn, Qafqazda elə dillər var ki, onların cəmi iki-üç nəfər daşıyıcısı qalmışdır”.
Ekspertlər bildirmişlər ki, ölüb getməkdə olan dilləri xilas etməyin yeganə yolu linqvistləri bu dillərin işlədildiyi yerlərə göndərməkdir. Onlar gedib bu dilləri öyrənər, lüğətlər və qrammatika vəsaiti hazırlayarlar. Sonra isə “aborigenlərə” öz dillərinin yox olmamasına bilavasitə həmin mənbələr əsasında kömək etmək olar.