RƏSMİ XRONİKA
LİTVA PREZİDENTİNƏ BDU-NUN FƏXRİ DOKTORU DİPLOMU TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Bakı Dövlət Universitetində Litva Respublikasının Prezidenti Valdas Adamkusa bu ali təhsil ocağının fəxri doktoru adı verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov ali qonağı BDU-nun professor-müəllim heyəti və tələbələri adından salamlayaraq, mərasim iştirakçılarına Valdas Adamkusun tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti barədə məlumat verdi. O, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış, bu gün ali təhsilimizin flaqmanı olan Bakı Dövlət Universitetinin tarixindən, ölkəmizdə elmin, ictimai fikrin inkişafına verdiyi töhfələrdən, beynəlxalq əlaqələrindən ətraflı söhbət açdı.
Daha sonra Abel Məhərrəmov Valdas Adamkusa universitetin fəxri doktoru adı verilməsi barədə Elmi şuranın qərarını oxudu, fəxri doktor diplomunu və mantiyanı ona təqdim etdi.
Litva Prezidenti Valdas Adamkus ona göstərilən etimada görə minnətdarlığını bildirdi. Ali qonaq Bakıya rəsmi səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən aldığı yüksək təəssüratları mərasim iştirakçıları ilə bölüşdü və əmin olduğunu vurğuladı ki, bu səfərdən sonra Azərbaycanla bütün sahələrdə, o cümlədən elm və təhsildə də əlaqələr genişlənəcəkdir.
Sonra Litva Prezidentinin portreti universitetin fəxri doktorlarının portretləri sırasına əlavə edildi.
Ali qonaq universitetin müəllimləri ilə xatirə şəkli çəkdirdi.