İQTİSADİYYAT
LONDON, PARİS VƏ FRANKFURT İRİ BİZNES ÜÇÜN ƏN ƏLVERİŞLİ ŞƏHƏRLƏRDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, bu il London, Paris və Frankfurt işgüzar adamların fəaliyyəti üçün Avropanın ən münasib şəhərləri sayılmışdır. Avropa Birliyinin oktyabrın 6-da açıqlanmış “Avropa şəhərlərinin monitorinqi” məruzəsində bu barədə məlumat verilir. Məruzə Avropada işləyən və burada ofisləri olan ən iri şirkətlərin 500 aparıcı mütəxəssisinin sorğusu əsasında hazırlanmışdır.
İri biznes üçün ən cəlbedici beş şəhər sırasına Brüssel və Barselona da daxildir. Onların ardınca Amsterdam və Madrid gəlir.
Məruzə müəllifləri bildirirlər ki, menecerlər “münasibliyin” üç ən mühüm amili kimi ixtisaslı mütəxəssis bazarının, çoxşaxəli telekommunukasiya şəbəkəsinin mövcudluğunu və dünya bazarına çıxış imkanlarını göstərirlər. Nəqliyyat, ictimai iaşə sistemi və təhlükəsizlik məsələləri isə ikinci plana keçirilmişdir.
Moskva, Varşava və Budapeşt də, ilk növbədə, ucuz işçi qüvvəsi hesabına öz mövqelərini yaxşılaşdırmışdır.