CƏMİYYƏT
Laçının Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar QHT nümayəndələri ilə görüş keçirilib
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının müraciəti əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva tariximizə və dövlətçliyimizə qızıl hərflərlə yazılan şanlı Qələbənin regionumuzda yeni geosiyasi reallıq yaratdığını bildirib, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan sürətli bərpa-quruculuq işləri sayəsində Qarabağa və Şərqi Zəngəzura sakinlərin qayıdışının təməlinin qoyulduğunu qeyd edib. O deyib: “Bu günü çox əlamətdar bir xəbərlə açdıq. Laçının tam azad olunması ilə bağlı dövlətimizin başçısının rəsmi tviter səhifəsində edilən paylaşım hər birimizi qürurlandırdı”.
Sonra çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad, “Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin nümayəndəsi Niyazi Quliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva və digərləri Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarəti altına keçməsinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür ediblər.