REGİONLAR
Laçınlı məcburi köçkünlər bu günədək 841 hektar sahədə payızlıq səpin aparıblar
Ağcabədi, 15 noyabr, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpinini davam etdirirlər.
Laçın Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək Taxtakörpü ərazisində 1238,5 hektarda payız şumu qaldırılıb. 841 hektar sahədə payızlıq səpin həyata keçirilib ki, onun da 776 hektarı arpa, 65 hektarı buğdadır. Taxtakörpüdə payızlıq taxıl üçün 1300 hektar sahədə səpin aparılacağı gözlənilir. Məcburi köçkünlər taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında səpilən 1100,5 hektar taxıl sahəsindən bu il 2557 ton məhsul götürüblər.