DÜNYA
Latviyada dəmir yol magistralı trasında tarixi-mədəni əhəmiyyətli obyektlər aşkar edilib
Bakı, 5 fevral, AZƏRTAC
Latviyanın "Rail Baltica" dəmiryol magistralı trasında tarixi-mədəni baxımdan əhəmiyyətli olması güman edilən 126 obyekt tapılıb. Trasın tikintisi layihəsini həyata keçirən “Eyropas dzeltselya liniyas” müəssisəsinin nümayəndəsi İlze Lukstinyanın sözlərinə görə, trasda tikinti işlərinə qədər bu obyektlərin əhəmiyyət dərəcəsi qiymətləndirilməlidir.
AZƏRTAC Latviyanın LETA agentliyinə istinadla xəbər verir ki, trasda iki il davam etmiş işlərdə 16 arxeoloq, 4 memar, 3 mühəndis-geodezist, 2 incəsənət tarixçisi, 3 tarixçi və 1 texniki işçi iştirak edib.
Lukstinya bildirib ki, Milli Mədəniyyət Abidələri İdarəsi ilə birlikdə aparılacaq və müvafiq tövsiyələrdən trasın layihələşdirilməsində istifadə ediləcək. Trasın bəzi yerlərində səngərlər və partladılmamış döyüş sursatları qaldığına görə burada istehkamçılar tərəfindən müayinə aparılmalıdır.
Arxeoloq Uldis Kaleys əlavə edib ki, Sakayn şəhər yerində mədəni təbəqə aşkar edildiyi üçün orada arxeoloji tədqiqatlar aparılmalıdır. Trasda sənaye obyektləri, çoxsaylı səngər və qazmalar da var. Kekava yaxınlığında Daş dövrünə aid insan məskənlərinin izləri tapılıb.
Trasın yaxınlığındakı sənaye obyektləri - su qüllələri, körpü dayaqları, qaz fabriki və digər obyektlər qorunub saxlanacaq. Keçmiş bomba sığınacaqları, o cümlədən 1956-1958-ci illərdə dəmir yol vağzalı ilə birlikdə tikilmiş “100 nömrəli məxfi obyekt” də müayinə edilib.