REGİONLAR
Lənkəran Dövlət Dram Teatrının direktoru Türkiyədə teatr festivalında iştirak edib
Lənkəran, 7 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov Türkiyədən işgüzar səfərdən qayıdıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən dəvət almış teatrın direktoru beş gün ərzində Mədəniyyət və Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən teatr festivalında qonaq qismində iştirak edib.
Səfər çərçivəsində İstanbul Şəhər Mədəniyyət və Sosial Məsələlər İdarəsinin müdiri ilə görüş keçirilib, qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin yaxın gələcəkdə iki ölkənin teatr kollektivlərinin festivallarda iştirakı, müştərək qastrol səfərlərinin təşkili, kadrların yaradıcılıq və texniki hazırlığı, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.
Tofiq Heydərovun Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının mədəniyyət məsələləri üzrə nümayəndəsi ilə görüşündə isə iki qardaş ölkənin mədəni əlaqələrindən söz açılıb.