REGİONLAR
Lənkəran Dövlət Universiteti Çexiya universitetləri ilə əməkdaşlıq etməkdə maraqlıdır
Lənkəran, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universiteti (LDU) Çexiya universitetləri ilə əməkdaşlıq etməkdə maraqlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Çexiyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putiklə LDU-da keçirilən görüşdə səsləndirilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ali təhsil ocağına səfər edən qonaqlara universitet barədə ətraflı məlumat verərək, Azərbaycan təhsilinin Avropaya inteqrasiyası istiqamətində görülən işlərdən, perspektivlərdən, qarşıya qoyulan hədəflərdən danışıb.
Natiq İbrahimov ekologiya və aqraryönümlü fakültələrin işindən, mütəxəssis hazırlığından da söz açıb, bu sahədə xarici ölkə universitetlərinin qabaqcıl təcrübəsindən yararlandıqlarını vurğulayıb.
Tələbələrə praktik vərdişlərin aşılanmasında böyük rol oynayan modern laboratoriyaların xaricdən gətirilərək universitetdə quraşdırıldığını deyən N.İbrahimov qonaqları maraqlandıran meşəçilik, turizm və otelçilk ixtisalarında kadrların hazırlanma vəziyyətindən də bəhs edib, Çexiya universitetləri ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, tələbə-müəllim mübadiləsinin, birgə elmi konfransların keçirilməsinin, elmi-tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.
Daniel Putik Çexiya universitetləri ilə LDU arasında əlaqələrin yaradılmasına vasitəçi olacağını, bu istiqamətdə hər iki tərəfə yardım edəcəyini bildirib.
Görüşdən sonra Daniel Putikin rəhbərlik etdiyi nümayəndə heyəti cənub bölgəsinin zəngin flora və faunası ilə yaxından tanış olmaq məqsədi ilə Hirkan Milli Parkına səfər edib.